İnsanın həqiqi dəyəri nədir?


Susursan,
Yenədə və hər zaman etdiyin kimi...

Çünki, bəzən susmağın qəlb qırıcı danışıqlardan daha yaxşı olduğunu anlayırsan. Xeyr, mən pis insan deyiləm. Təbii ki, yanlışlarım olub, amma bu yanlışları zamanında düzəltməyə çalışmışam. Ən böyük yanlışımında elə bunda olduğunu zənn edirəm. Etdiyim yanlışı eləcə buraxmalı imişəm. Səssizcə və açıqlama vermədən...

Mən müəyyən zamana kimi həqiqətəndə həyatın özlüyündə bir mənasının olduğuna inanırdım. İnsanların ideal və mükəmməl; saf və təmiz olduqlarına, danışdıqlarının isə həqiqət olduğuna, ətrafımdakı hər bir insanın sadəcə mən olduğum üçün mənimlə birlikdə zaman keçirdiyinə və ya keçirmək istədiyinə inanırdım. Öncə bir şeylər oldu, sonra bir şeylər öldü.

Bizi qul təfəkküründə yaşadan imtahan dünyasında olduğumuza, başımızın üzərində bir neçə mələyin hər etdiyimizi bir-bir yazdığına, qəbir əzabı və s. ərəb nağıllarına inanmıram. Mənim inandığım həqiqi Yaradanın varlığı və nəinki mənim, bütün insanların və varlıq aləminin Onun bir zərrəsi olduğudur. Fikirlərimi uzun və içindən min məna çıxaran fəlsəfi cümlələr ilə deyil, aydın başa düşülən cümlələr ilə izah etməyi daha uyğun görürəm. 

Mənim üçün həyatın mənası dəyişkəndir. Çünki yaşadığımız və içində olduğumuz situasiyalar dəyişdikdə, mənalarda dəyişir. Deməli həyatın mənası bizdən asılıdır. Biz nə ediriksə, bizim yaşam tərzimizə və həyatımıza birbaşa təsir edir. Məsələn, uşaq ikən bizim üçün həyat daha nağılvari idi. Çünki bizə danışılan nağıllarda həyatı və yaşamı həyətində güllər, çiçəklər olan, daima üzləri gülən və səmimi insanların yaşadığı kiçik evlərdə axtarmışıq. Daha sonra orta məktəbdə mənalı həyat təsəvvürünü təhsildə görməyə başladıq. Həyatımızı daha gözəl yaşamaq və daha mənalı etmək üçün oxumalı idik. Ali məktəbə daxil olduqdan sonra mənalar daha fərqli hal almağa başladı. Çünki bununla da biz özümüzün və ətrafımızdakı insanların neçə illərdir arzusunda olduğu bir şeyi etmişdik. 
Yəni. 
Sonra. 
Sırada nə var? 

Xeyr, dayan-dayan. Orta məktəbdə bir dostum var idi. Ailəsi onu çox sıxırdı və mütləq universitetdə oxumalı olduğunu deyirdilər. O da universitetə daxil olub, diplomu qazanıb, ailəsinə təhvil verib, daha sonra intihar edəcəyini söyləyirdi...

Sırada nə var?!...

Bu sözü əbəs yerə xüsusi vurğulamıram. Biz həyatımızda bir mənanın olmasını növbəti səviyyəyə ertələyirik: Həyatımda bu da olarsa, həyatın mənim üçün bir dəyəri ya da mənası olar. 

"İlahi, ola bilməz. Ən yaxın tanışım yeni telefon aldı, daha gözəl şəkillər çəkə bilir."
"Digər tanışım bahalı maşın aldı... Necə də şanssız və əlacsızam."
"Mənim həyatımın heç bir mənası yoxdur."

Sizi əmin edə bilərəm ki, belə düşüncədə olan insanlar o qədərdir ki... Ya bu insanlarda tətminsizlik vardır, ya da sadəcə paxıl insanlardır. Tətmin edə bilmirlər, çünki özlərinin və hətta digər insanların dəyərlərini maddi olan şeylərlə ifadə edirlər: "Bir insanın bahalı maşını vardırsa, deməli daha mənalı bir həyat yaşayır."

Maddiyatın nə zamandan bəri həyat üçün məna kəsb etdiyini anlamıram. Bəli, etiraf edəkki, pul dəyər yaratmaq üçün müəyyən vasitədir. Amma hansı dəyərlər?

Pul səni xoşbəxt edə bilərmi? Yeni telefon, yeni avtomobil, bahalı geyimlər, lüks həyat... bunların heç biri sənin daxili boşluğunu doldura bilmirsə, sən əslində nəyin sahibisən? Əgər bahalı əşyaların içində özünü ucuz hiss edirsənsə, bu əşyaların sənə nə faydası var?

İnsanın həqiqi dəyəri onun geyimində, sürdüyü maşında, ya da telefonunun modelində deyil. Bu dəyər onun düşüncəsində, davranışında, vicdanında və başqalarına necə təsir etdiyində gizlidir. Səni yaddaqalan edən bir status paylaşımın, ya da bahalı restoranlarda çəkilmiş fotoların deyil — bir insanın qəlbində buraxdığın izdir.

İnsanlar unudurlar ki, dəyərli olmaq üçün ilk növbədə dəyər verməyi bacarmaq lazımdır. Bir insana xoş söz demək, yanında olmaq, dürüst olmaq — bunlar sənə heç bir maddi ziyan vurmaz, amma qarşı tərəfə bəlkə də unuda bilməyəcəyi qədər böyük mənəvi dəstək verər.

Bu dünyada hər kəs öz həyatını bir cür yaşayır. Amma çox az insan öz həyatını “həqiqətən yaşadığını” hiss edir. Çünki əksəriyyət başqalarının nə düşündüyü ilə maraqlanır, öz daxili dünyasına deyil, sosial mediada aldığı “like” sayına dəyər verir. Halbuki insanın həqiqi dəyəri heç vaxt rəqəmlərlə ölçülə bilməz.

Özün olmaq – bu, sənə verilmiş ən böyük sərvətdir. Təmiz qəlbli olmaq, içində kin və nifrət daşımamaq, bağışlamağı bacarmaq, həqiqəti deməkdən qorxmamaq... Bunlardır səni sən edən əsas xüsusiyyətlər.

Və bəlkə də sən indi özünü dəyərsiz hiss edirsən. Amma unutma, bu hiss ətrafının, cəmiyyətin, bəzən isə ailənin və sosial medianın sənə yüklədiyi süni “standartların” nəticəsidir. Sən onları bir kənara qoyduqda, içindəki həqiqi səni görə biləcəksən.

Həyat bəzən susmaqdır. Bəzən yolunu dəyişməkdir. Bəzən isə olduğu kimi qalmaq və dəyişməməyi seçməkdir. Həyatın mənası hamı üçün eyni deyil. Amma bir həqiqət var: 

İnsanın həqiqi dəyəri — onun insanlığıdır.

İnsan ol. Sadəcə bu. Qalan hər şey zamanla öz yerini tapacaq.

Daha yeni Daha eski

Featured Video

ads in post